Aysel Plan Prospekt

Share Embed


Descripción

Qafqaz Universitetinin Magistratura və Doktorantura şöbəsinin doktorantı
Talıbova Ayselin

"Qabriel Qarsia Markes və müasir Azərbaycan nəsri"

mövzusunda dissertasiyasının nəzərdə tutulan

PLAN PROSPEKTİ


Qabriel Qarsia Markes XX əsr dünya ədəbiyyatınnın canlı klassikidir. O,
müasir dövrdə geniş maraq doğuran magik realizm cərəyanının banilərindən
biridir. Yazıçının yaradıcılığı dünya bədii fikrinin inkişafına təsir
göstərmişdir.
Q. Q. Markesin dünya şöhrətli əsərləri Azərbaycan ədəbi fikrini də
maraqlandırmışdır. Yazıçının əsərləri dilimizə tərcümə edilmiş, haqqında
maraqlı fikirlər söylənilmişdir.

Q. Q. Markesin yaradıcılığına həsr olunmuş dissertasiya işinin giriş, üç
fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olması
planlaşdırılır. Giriş hissəsində mövzunun aktuallığı və yeniliyi
vurğulanacaq, dissertasiyanın elmi və praktik əhəmiyyətindən, tədqiqat
metodologiyasından danışılacaq.

Birinci fəsildə Q. Q. Markesin dövrü, həyatı və şəxsiyyəti ilə bağlı
məsələlər araşdırılacaq. Yazıçının özünəməxsus dünyagörüşünün və
şəxsiyyətinin formalaşmasında böyük rol oynayan zəmanənin ictimai-siyasi
gündəmlərinə toxunulacaq, və bu gündəmlərin yazıçının dünyagörüşündə,
həyata baxışında yaratdığı təzahür və dəyişikliklər, yazıçının qazandığı
əqidə və mövqelər onun bədii yaradıcılığının təqdim etdiyi çərçivə
daxilində tədqiq olunacaqdır.
Fəsil iki hissədən ibarət olacaq:

a) Q. Q. Markesin dövrü. Bu hissədə dövrün ictimai-siyasi prosesləri ilə
yanaşı ədəbi-mədəni durumuna da diqqət yetiriləcək. Müəllifin öz
əsərlərində müraciət etdiyi siyasi hadisələr, XX əsrdə Kolumbiyada baş
verən köklü dəyişikliklər barədə söhbət açılacaq, diktator
rejimlərinin, yazıçını yaradıcılığı boyu qayğılandıran münaqişələrin
gerçək mənzərəsi şərh ediləcək.


b) İkinci hissədə ədibin böyüyüb boya-başa çatdığı ailə, mühit,
ünsiyyətdə olduğu adamlar barədə məlumat veriləcək, eləcə də onun dini-
ideoloji baxışlarına, şəxsiyyətinin bir sıra mühüm tərəflərinə işıq
salmağa cəhd göstəriləcəkdir. Bu məsələlər gələcək yazıçının
əsərlərinin problematikası, həyata baxışı, dünyagörüşü ilə əlaqəli
şəkildə aydınlaşdırılacaqdır.



İkinci fəsil Qabriel Qarsia Markesin yaradıcılığına həsr olunacaq.
Yazıçının əsərləri, əsərlərinin mövzusu onların yazıldığı tarixi şəraitlə
vəhdətdə araşdırılacaq. Bu fəsildə yazıçının bədii yaradıcılığı diqqət
mərkəzində olacaq. Həmçinin, yazıçının bədii yaradıcılığının dünya və
Azərbaycan miqyasında tutduğu yer və qazandığı struktur tədqiq olunacaq. Bu
fəsil üç hissədən ibarət olacaq:
a) Ən mühüm əsərləri əlahiddə və müfəssəl təhlil ediləcək. Əsərlərin
mövzu və ideyası, məzmun və forma vəhdəti tədqiq olunacaq.
b) Eyni zamanda təhlil edilən əsərlərin müştərək ideya-bədii
xüsusiyyətləri müəyyənləşdiriləcək. Yazıçı haqqında bir çox Azərbaycan
və həmçinin dünya mütəfəkkirlərinin irəli sürdüyü mülahizələr də şərh
ediləcək.
c) Bu hissədə yazıçının yaradıcılığının dilimizə tərcümə olunması ilə
bağlı məsələlər ətraflı araşdırılacaq, onun fərdi üslubunun tərcümədə
nə dərəcədə əks olunmasına diqqət yetiriləcəkdir.

Üçüncü fəsildə yazıçının əsərləri müasir Azərbaycan nəsri ilə müqayisəli
şəkildə araşdırılacaq, fərqli və oxşar cəhətlər aşkara çıxarılacaqdır.
Burada XX əsr Azərbaycan nəsrinin (Yusif Səmədoğlu, Mövlud Süleymanlı,
Kamal Abdulla, Anar, Elçin Əfəndiyev və s.) tanınmış nümayəndələrinin
yaradıcılığı tədqiqat obyektinə çevriləcəkdir. Bu fəsil altı bölmə şəklində
nəzərdə tutulur:

a) Mövzu və ideya – Markesin əsərlərində daha çox işlənən mövzular
konkret bir tarixi dövrdən alınsa da, əslində bütün zamanların nəbzi
ilə səsləşəcək səviyyədə ümumiləşir. Dini fanatizm ("Eqş və başqa
cinlər"), əxlaqsızlıq ("Yüz ilin tənhalığı"), mənəviyyatsızlıq,
nəfsinə düşkünlük, nəfsin ehtiyaclarını, siyasi maraqları təmin etmək
üçün insani dəyərlərin məhvi və s. bu kimi, yazıçının yaşadığı
cəmiyyəti, bütünlükdə bəşəriyyəti tarix boyu izləyən həyati
kolliziyalar eyni mövzuların yer aldığı azərbaycanlı yazıçıların
yaradıcılığı ilə müqayisəli şəkildə araşdırılacaq.


b) Fantastik üsullar – Markes, həmçinin, fantastik (mistik) realizm
cərəyanının nümayəndəsi və banilərindən biridir. Həyat həqiqətini daha
qabarıq, və yaxud daha aydın şəkildə nəzərə çatdırmaq üçün Markes bir
çox məqamlarda fantastik üsullara müraciət edib. İnsanların haqq
yoluna öz iradələri hesabına gələ bilməyəcək qədər korlandıqları bir
məqamda metafizik qüvvələr işə qarışır, hadisələrə həlledici sonluq
verir. Bu paraqrafda fantastik vasitələrin təfsilatları aşağıdakı
bölgü əsasında araşdırılacaq:


I. Təbiət hadisələri – avropalı şirkətlər tərəfindən Makondo əhalisinin
qətl edilməsindən sonra 5 il aramsız yağışların yağması ilə insanların
bu qətliamla bağlı yaddaşının yuyulub aparılması; Buendiyalar nəslinin
son nümayəndəsi olan Aurelianonun Melkiadesin həmin nəslin gələcəyi
ilə bərabər bütünlükdə taleyini əhatə edən əlyazmaları deşifrə etməsi
ilə qəfl qopan tufanın hər yeri yerlə yeksan etməsi, nəinki
Buendiyalar nəslini, bütünlükdə Makondonu yer üzündən silməsi.


II. Bioloji hadisə - III Aureliano ilə xalası Amaranta Ursulanın günahkar
nikahından olan uşağın donuz quyruğu ilə doğulması.


III. Həşəratların hücumu – Əxlaqsızlığın, şəhvət düşkünlüyünün maksimum
həddə çatdığı bir məqamda müəyyən məkanın həşəratların hücumuna məruz
qalması, əşyaların həşəratlar tərəfindən yeyilib məhv edilməsi,
həmçinin, donuz quyruğu ilə doğulan uşağın qarışqalar tərəfindən
yeyilməsi.


Fantastik detallardan həlledici vasitə, yaxud məqam kimi istifadə
olunmasına bizim ədəbiyyatda da rast gəlmək mümkündür (məsələn, H.
Cavidin "İblis", E. Əfəndiyevin "Cəhənnəm sakinləri" əsərlərində
şeytanın göylər aləmindən yerə enməsi və s.). Bu paraqrafda həmin
fantastik detalların işləndiyi məqamların xarakteristikası, ideya-
bədii istiqamətləri müqayisəli şəkildə təhlil olunacaq.


c) Dil və üslub – Markezin əsərlərində qeyri-adi fakt və hadisələrin
emosiyasız, biganə bir dillə təsviri var. Eyni cəhəti öz
yazıçılarımızda da müşahidə etmək mümkündür. Bu paraqrafda biganə
təhkiyə dilinin üslubi cəhətdən Markez və Azərbaycan yazıçıları
arasındakı oxşar və fərqli cəhətləri araşdırılacaq.


d) Qəhrəmanların tipologiyası – Bu paraqrafda Markezin obrazları ilə bir
sıra oxşarlıqlara malik Azərbaycan nəsrinin müəyyən obrazları
arasındakı əlaqələr ətraflı şəkildə tədqiq olunacaq.


e) Mənəvi-əxlaqi prinsiplər – Markezin əsərlərində insanlar heç bir
qohumluq pərdəsini diqqətə almadan qəfl ehtirasların qurbanına
çevrilirlər. Azərbaycan nəsri də başdan-başa bu cür reallıqlarla
doludur. Bu paraqrafda Markez yaradıcılığındakı və Azərbaycan
nəsrindəki həmin fakt psixoloji aspektdən və milli, mənəvi-əxlaqi
prinsiplər baxımından tədqiq olunacaqdır.


f) Zaman kateqoriyası – "Yüz ilin tənhalığı" əsərindəki zaman anlayışı Y.
Səmədoğlunun "Qətl günü" romanındakı zaman anlayışı ilə bir sıra
oxşarlıqlara malikdir. Əsərdə təqribən iki eralıq zaman dilimini əhatə
edən, fərdləri milyardları, trilyonları keçən insanlıq taleyi sadəcə
bir əsr nəzdində fəaliyyət göstərən bir nəslin taleyinə sığışdırılıb.
Hadisələr, talelər, hətta adlar belə, təkrarlanıb. Üç fərqli zaman
kateqoriyası (keçmiş, indiki və gələcək zaman) bir vahid altında
bütünləşdirilib. Eyni fakt "Qətl günü" əsərində də müşahidə olunur. Bu
paraqrafda hər iki əsərdə fantastik çərçivədə təqdim olunan zaman
anlayışının mahiyyəti və bədii-estetik funksiyası müqayisəli şəkildə
tədqiq olunacaq.
Nəticədə tədqiqat zamanı hasil olmuş qənaətlərə yekun vurulacaq.



Elmi rəhbər Professor Akif
Hüseynli
Lihat lebih banyak...

Comentarios

Copyright © 2017 DATOSPDF Inc.